ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
«Mən sadə yolçuyam» kitabı ilə qarşınızdayam, əziz oxucularım. Xatırladım ki, kitabda şerlər sadəcə yazıldığı tarix ardıcıllığı ilə dərc olunmuşdur. Bu cür yerləşmə həm də müəllifin hansı zaman kəsiyində hansı əhval — ruhiyədə olmağının göstəricisi sayıla bilər.
Hər bir söz, hər bir misra ürəkdən gələndə ürəklərə yol tapır. Ürəyimin hökmü olmadan bir kəlmə yazmadım. Qəlbinizi zərif misralarımla xeyirə — uğura, insafa kökləmək istədim. Çoxlarınız qəlbimə bələdsiniz. Mən də Sizin qəlbinizin nuruna güvənirəm. Söz, sahibinin qəlbi ilə gözəl olur. Mən də qəlbimi gözəlləşdirməyə, onu kindən, küdurətdən, həsəddən, paxıllıqdan, qeybətdən, fitnə — fəsadlardan təmizləyə — təmizləyə uca Allaha, onun sevə — sevə xəlq elədiyi İnsanlara layiq olmaq istədim.
Su axar, çuxurunu tapar, — deyib atalarımız. Mən də axa — axa öz çuxuruma, ata — baba yurduma yaxınlaşmaq istədim. Hər sözümdə sizin kövrək qəlbinizi tərənnüm etməyə çalışdım.
Cənabi — Haqq bizə Vətən üçün gözəl bir məkan seçib. Azərbaycan torpağı… Tarixlərin qanlı — qadalı döyüşlərindən alnı açıq, üzü ağ çıxan qeyrətli oğulların yurdu… Bu yurda kimlər göz tikməyib? Onun gözəllikləri nə qədər şahların, xaqanların yuxusuna haram qatıb. Amma heç kim bu yurda sahib çıxa bilməyib. İgid oğulların, ərənlərin onları tarixin zibilliklərinə atıb!
Sənə minnətdaram, ey Ulu Xalıq, bu gözəl yurdu mənə Vətən seçdiyinə görə…
Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.
Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 — sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi — yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam — anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.
Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.
Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim — Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim — Sizə minnətdaram.
Mənə göstərdikləri səmimi münasibətə görə, hal — hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.
İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.
Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova, Esmira xanıma… minnətdaram.
Ərəstin müəllim, — sevimli müəllimlərimdən biri olan Sabir müəllimin şərəfli işini ləyaqətlə davam etdirən oğlu, — sizə minnətdaram. Mənə rəhm edib, tənqid etmirsiniz.
Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev — Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.
Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.
İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.
Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.
Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə xanım, oğlanlarım Valeh, Aydın, gəlinim Mətanət xanım, — Sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.
Sizin Vahid.
Ön söz
Vahid Çəmənlinin çağdaş ədəbi mühitdə özünəməxsus yaradıcılıq yolu var. Şairin estetik təfəkkürü bəzən emosional obrazlarla, bəzən də adi epik nəzmlə təqdim olunur. Onun şeirləri nəzəri cəhətdən yanaşmada, bədii təsvir və ifadə vasitələri orijinal tərzdə bədii formalarla nəzəri cəlb edir. Vahid bəyin yaradıcılığında ən çox real həyatdan müşahidələrlə götürülmüş mövzuların bədii inikası yer alır, bəzən də təxəyyülün sərgilədiyi ideyalar, istək və arzular nəzmə çəkilir. Bu deyilənlərlə bağlı şairin yaradıcılığında vətənpərvərlik, haqq-ədalət, insani keyfiyyətlər, ədəb-ərkan təbliğ olunur, ictimai məfkurəsində əldən gedən, işğal olunmuş torpaqlarımızın azad olunmas arzuları leytmotiv xətlə hərəkət edir. Misal üçün şairin «Meşə cığırı» şeirindəki məcazlara nəzər yetirək:
«Hara aparırsan meşə cığırı,
Körpə uşaq kimi tutub əlimdən? — metafora, bədii sual»;
«Dururmu qocaman əncir ağacı?
Palıdlar qoyubmu başına tacı? — metafora, bədii sual»;
«Nur əmib Günəşin zərrələrindən… — metonimiya»;
«İncikdi taleyin zərbələrindən. — metonimiya»;
«Turş narın qayıdıb bəxtəvər çağı, — təşbeh»;
«Sağalır o köhnə zədələrindən. — metafora»;
«Boylanıb ömrünun zirvələrindən… –metafora;
…Göründüyü kimi bu misralarda verilən məcazlar-bədii təsvir vasitələri orijinal deyimlərdir. Şairin digər şeirləri də bu kimi bədii təsvir və ifadə vasitələri ilə zəngindir.
İstedalı şair dostuma bir daha yaradıcılıq uğurları arzulayıram!
Niftalı Göyçəli
Şair
Yol daşı
Hikmətdən nurlanar şairin sözü,
Yığar öz nuruna yarı, yoldaşı.
Duyanlar aqildir,
Duymayanlara,
Anlada bilməzsən, istər yol daşı. *
Dirənib yenə də qoşa əl üzə,
Xəyal dünyasında qoşa əl üzə…
İnsan öz yolundan çətin əl üzə,
Ömrünə Cənnətə gedən yol daşı. **
Vahid bu dünyada nəyi qazandı?
Günləri, ayları qaynar qazandı.
Kim dedi, dostuna quyu qazandı?
Olaram yolunun üstə yol daşı…
23.04.2019
*. Daşın üstündəki otu yolmaq
**. Cənnətin yolunu önünə sərmək
Topa bulud gəzİr başımın üstə
Topa bulud gəzir başımın üstə
Atır gah bahara, gah qışa məni.
Hər gün yaş yığılır yaşımın üstə,
Gah bərkə bənd edir, gah boşa məni.
Yeddi qat göylərdə uçur xəyalım,
Süzülür qədəhə şərbətim, balım.
Elimin, obamın qadasın alım,
Buraxın yurdumla baş — başa məni.
Gəldi üstümüzə bəla hər yandan,
Namərdəm, keçməsəm bir qaşıq qandan…
Əgər əsirgəsəm canımı ondan,
Bənzədin çöllərdə bir daşa məni
23.04.2019
Çəkərlər
Könül, qəm eləmə, bitər bu çilə,
Yazın bir ucunu qışa çəkərlər.
Gah yağar, gah əsər, gah da gün çıxar,
Günəşi buludla qoşa çəkərlər.
Gəzdim ana yurdu ev — ev, kəndbəkənd,
Tanıdım hamını, yerindədir zənd…
Çox sözə — söhbətə heç olmadım bənd,
Naşıdır desələr, huşa çəkərlər.
Dünyanın işindən olmasan halı,
Qınama dostları, eli, mahalı.
Gün gələr süzülər sözünün balı,
Səni də hörmətlə başa çəkərlər.
Ay Vahid, səfərə hazır ol hər an,
Bir gün gedəsidir hər doğulan can.
Zaman var-yoxunu etsə də talan,
Şəklini bahalı daşa çəkərlər.
24.04.2019
Ədalət Bədİrxanlıya həsr olunur
Ey könül saz elə ruhunu yazla,
Könül dünyamıza şöhrət, şan gəlir.
Oxu bülbül kimi şirin avazla,
Dost ilə görüşə ulu can gəlir.
Yerdədi, göydədi xəyalın ustad?
Hər sözün dad verir, — şəkər kimi dad.
Ovunu bərədən qaçırma, səyyad,
Gecə sona çatır, qızıl dan gəlir.
Vahid, yenə qurdun irfan məclisi,
Yanar, ürəklərin çıxar istisi…
Bu dadlı məclisin ən həvəslisi, —
Sərrafı Ədalət Bədirxan gəlir!
Çəkİləydİ zirvələrİn dumanı
Səhər — səhər Əhməd Üştübün dostumun çəkdiyi Nüvədi və Üştübün mənzərələri qəlbimi kədərlə, gözlərimi yaşla doldurdu. Yurda həsrət qalan bütün həmvətənlərimə, eləcə də dəyərli Nüvədili dostlarıma həsr elədim bu şeri…
Könlüm sənə həsrət qaldı, Nüvədim,
Xəyal üçür yetim qalan bağlara.
Çəkiləydi zirvələrdən dumanın,
Kaş dönəydik o bəxtəvər çağlara.
Araz boyu, bahar gülən bir ayda,
Millətimiz o tayda, həm bu tayda…
Sevinəydi aman Allah, bu çay da,
Baxıb, baxıb hələ canı sağlara.
Vahid, sözün ürəkləri dağladı,
Zəhər oldu ağzımızın bal dadı.
Allı-güllü Nüvədimiz dardadı.
Aman bahar, gəlmə bizsiz dağlara…
27.04.2019
Qalıb
Səndən xəbər gəldi, xəbərin olsun,
Dedilər, hələ də şaxlığın qalıb!
Bir az gözəlliyin, bir az təpərin,
Bir az da şənliyin, şuxluğun qalıb!
Hər səhər durursan Günəşdən qabaq,
Çörək bişirirsən dolu bir tabaq…
Baxışın od saçır, duruşun qıvraq,
Qırğı tək yerişin, şıxlığın qalıb.
Gəldi qulağıma mülayim bir səs,
Ürək o ürəkdi, həvəs o həvəs…
Bilmirsən, biz niyə bir olmadıq bəs?
İçimdə ünvansız yoxluğun qalıb!
28.04.2019
Olmadı
Keçdi ömrüm — günüm həsrət içində,
Həsrəti duymağa zaman olmadı.
Uçdu xəyalımda ağ qağayılar,
Yelkən tək əlimə qonan olmadı.
Dəlilər qəhr edər aqil düşmanı…
Ən böyük rəqibim yel dəyirmanı.
Baxdım, Don Kixotlar tutub dünyanı,
Dərdini, sərini qanan olmadı.
Dinim İslam dini, əqidəm Tohid,
Eşqimə Yer şahid, ulduzlar şahid…
Hamının halına yandım da, Vahid,
Heç mənim halıma yanan olmadı
30.04.2019
Düşür
Ağ bulud dolanır göyün üzündə,
Yaşıl çəmənlərə xəfif şeh düşür.
İncilər süzülür ağ bənizindən,
Əllər daraq olur, dildən eh düşür.
Axşamdan sabaha doğur arzular,
Nəğmə tək ürəyə yağır arzular…
Zülməti nur ilə boğur arzular,
Səhərin boynuna həzin meh düşür.
Vahidəm, aşıqin sayarsan məni,
Səsimdən, sədamdan duyarsan məni…
Öpüb, gözün üstə qoyarsan məni,
Vallah, bu sevgiyə belə beh düşür!
30.04.2019
Deyİr
Aşıq Haşıma
Ay aşıq, mollaya çox vermə fikir
Bunu Vahid sənə lap çoxdan deyir.
Molla da aşığa toxunmur daha,
Ona nə, ya vardan, ya yoxdan deyir.
Ədəbdə, ərkanda çıxarsan ad — san,
Səsinə, sözünə el olar heyran.
Amma aşıq da var, danışır hədyan,
Danadan, keçidən, toyuqdan deyir.
Bilirəm, yönümüz qışa sarıdır,
Odun yox, qaz gəlmir, ömür yarıdır…
Vahid də ustadır, söz xirdarıdır
Dilini saxlamır, bayaqdan deyir
01.05.2019
Məhərrəm kİşİ
Çəmənlinin ağsaqqalı Məhərrəm kişinin xatirəsinə…
«Ata ocağına canımız qurban!»
Bunu Ramiz dedi, Məhərrəm kişi.
Nizami yurdunda yandırır çıraq,
Bilir, çıraq nədi, Məhərrəm kişi.
Keçdiyin yollarda qalıbdır izin,
Dillərdə əzbərdir çox kəlmən, sözün…
El — oba yanında ağ oldu üzün,
Tutdun hər bir vədi, Məhərrəm kişi.
Haqqı danışmağı elədin peşə
Qoymadın adına bir kölgə düşə…
Öz səsin, öz sözün oldu həmişə,
Səsin də gur idi, Məhərrəm kişi.
Çox fitnə — fəsadlar olsa da eldə,
Gileyi — güzarı qalmadı dildə…
Yerin var, yurdun var neçə könüldə,
Olacaq əbədi, Məhərrəm kişi!
Yaşadın mərdanə, illəri yordun,
Əlinlə ev tikdin, yurd yeri qurdun…
Çox şükür, gözəldi, abaddı yurdun,
Vahidə məbəddi, Məhərrəm kişi.
03.05.2019
Söhrab Tahİr
4 may unudulmaz şairimiz Söhrab Tahirin xatirə günüdür. Bu kədərli gündə şairimizlə bağlı bir xatirəmi
bölüşmək istəyirəm.
1969 — ci ilin qış ayları idi. Onda mən 7 — ci sinifdə oxuyurdum. Dərsin qızğın çağında, o zaman məktəbimizin direktor müavini olan Kamil müəllim dalımca uşaq göndərib, məni müəllimlər otağına çağırdı. Mən müəllimlər otağına daxıl olanda dostum, 7 «B» sinfində oxuyan Əliyev Allahverəni də orada gördüm.
Kamil müəllim bizə bildirdi ki, saat 2 — də kəndimizin klubunda Məmməd Araz və Söhrab Tahirlə görüş olacaq. Bu görüşdə siz də iştirak edəcəksiniz. Ona görə də sizə şairlərin bir şerini əzbərləmək tapşırılır.
Kamil müəllim şairlərin şerlərini bizə təqdim edib, dərsdən azad etdi.
Məktəbimizin gözəl bir bağı vardı. Allahverənlə şerləri əzbərləmək üçün həmin bağa getdik. Çox maraqlıdır, mən də, Allahverən də hər iki unudulmaz şairlərin şerlərini əzbərlədik.
Söhrab Tahirin şeri indiyəcən yadımdadır:
Orda ki, göm — göydür suların üzü,
Orda ki, qızarır səhərin gözü,
Orda ki, otlardan qopur şəlalə,
Orda ki, sünbülə sarmaşır lalə,
Orda ki, əməkçi insan çalışır,
Orda ki, zəhmətə insan alışır,
Orda axtarsanız taparsız məni,
Oradır ilhamın, sözün vətəni.
Orda şer də var, sənət də vardır
Orda sənətkara hörmət də vardır.
(Yaddaşımda bu şer belə qalıb. — V.Q.)
O görüşdə Söhrab Tahir də, Məmməd Araz da çox təsirli çıxışlar etdilər.
Bəlkə də o zaman çoxları Söhrab Tahirin cənubi Azərbaycandan olduğunu bilmirdi. Ona görə də camaat çox diqqətlə qulaq asır, o taylı soydaşlarımız haqqında maraqlı söhbətlər eşitmək istəyirdi. Söhrab müəllim danışdıqca gözləri parıldayır, səsi titrəyirdi. Bu xatirələr yaddaşımdan silinsə də, şairin anası Nəsibə xanımla bağlı danışdığı xatirəni heç zaman unutmadım.
Şair deyirdi ki, anam məni əzizləyəndə, mənə «mənim sol gözüm» deyərdi. Gənc yaşlarımda anamdan ayrı düşdüm. Uzun müddət üzünə, səsinə həsrət qaldım. Gedirdim Astaraya, yana — yana baxırdım Astaraçayın o tayaına, ürəyim qubar edirdi.
Uzun müddətdən sonra anamla telefonla danışmaq üçün icazə aldım. Xəttin o biri başında «kimdir» deyə soruşan anama, — «sənin sol gözündür» — deyə cavab verdim. Burada şairin səsi qırıldı. Boğazına tıxanan qəhəri udmaq üçün dayanıb, zala göz gəzdirdi. İnsanların çoxu için — için ağlayırdı.
O görüşə qədər mən elə bilirdim ki, Azərbaycanı ikiyə bölən çay təkcə Araz çayıdır. Sən demə daha bir ayrılıq çayı — Astara çayı da var imiş.
Fədakar şair də yana — yana deyirdi:
Mənim qollarımı iynə — sap edin,
Tikin Astaranı biri-birinə…
Ruhunuz şad olsun, şair! Müstəqilliyə qovuşmağımızı görməyi cənabi — Haqq Sizə nəsib etdi! Qaldı Astaranı, Culfanı bir — birinə tikmək…
Biz də qollarımızı iynə — sap etdik, Şair!
04.05.2019
Gecənİn sonunda sökülməsə dan…
İndi umu — küsü zamanı deyil,
Hərəmiz bir qışın sınağındayıq.
Bu gün də həyatın son anı deyil,
Nahaqdan suçunda, qınağındayıq.
Həsrətdən yumşalıb, mum olub ürək,
Havadan asılıb, qalıb çox istək.
Donan ümidləri gərək isidək,
Könüldə baharın sorağındayıq.
Vahidə dərd olur sənsiz keçən an,
Yanır atəşlərə, külə dönür can.
Gecənin sonunda sökülməsə dan,
Borclu dəftərinin varağındayıq!
08.05.2019
Məhəbbət əfsanəsi
Arif Məlikovun xatirəsinə
Bir içim su idi səni unutmaq,
Silmək ağrı verən adını belə…
Bəs niyə unuda bilmədim səni?
Qaladım sinəmə odunu belə.
Budurmu, dediyin o sevda, filan,
Qum kimi, çöp kimi gözümə dolan…
Deyirdim, məhəbbət yalandı, yalan,
Anlaya bilmədim dadını belə.
Vahid, çox dedilər həyat dadlıdı.
Bu həyat deyil ki, — qapazaltıdı.
Ruhum yox, görünən boş qaraltıdı,
Çətin, bir də sevəm qadını belə…
13.05.2019
Gedİr
Mindirdim günləri ceyran belinə,
Yanımdan yel kimi çaparaq gedir.
Varımı yüz ildi çapıb, talayır,
Yoxumu əlimdən qaparaq gedir…
Enişlər, yoxuşlar gəlir dalbadal,
Hələ cavabsızdı nə qədər sual.
Ürəyim yalvarır, — elə burda qal,
Ömür əllərimdən qoparaq gedir.
Vahid, səhər çağı bu nə avazdı?
Çatdın altmış üçə, çoxdu, ya azdı?
Əllərim bu həzin nəğməni yazdı,
Könlüm də təsəlli taparaq gedir!
14.05.2019
Mənİ
Üstümə gəlirsən dəli dalğa tək
Ay zalım, görmüsən yoxsa tək məni?
Vermişəm yaxamı naşı əlinə,
Üzür bu darthadart, çəkhaçək məni.
Axşamdan səhərə uzanır gecə,
Bilmirəm, sabahı açıram necə?..
Nabələd yolçuyam, qısanayıb küncə,
Döyürsən zindanda dəmir tək məni.
Yara can deməkdən alışdı dilim,
Mən yandım, indi də yanacaq külüm…
Bu sevgi Vahidə neylər, ay gülüm?
Ya qara daş edər, ya ipək məni.
15.05.2019
Gülə — gülə
(Şuşalı, Laçınlı dostlarıma ithaf edirəm)
Tellərindən üç tel ayır,
Çal «Sarıtel» gülə — gülə
Şirin — şirin sədasına,
Yığılsın el gülə — gülə.
O may verdi çox qubarı,
Sevindirsin bu may barı…
Ərisin dağların qarı,
Açılsın gül gülə — gülə.
Xəbər gəlsin Qarabağdan,
Topxanadan, Dəlidağdan…
Buzlar getsin Buz bulaqdan,
Çağlasın sell gülə — gülə
Vahid, elin oldu talan
Başsız qalsın əfi ilan…
Öz yurdunda yurdsuz qalan,
Yurduna gəl gülə — gülə
16.05.2019
Vətən, xoşbəxt olsun hər oğlun, qızın…
Dolaşıb qalmışam göy qurşağında
Bilmirəm, ya sağa, ya sola gedim?
Nur kimi ələnim çəmənə, düzə.
Çılğın bahar ilə bir yola gedim.
Buludlar dövrəmdə çoşur, qaynayır,
Göylər təbil çalır, sellər oynayır.
Çiçəklər naz edir, güllər oynayır,
Qoşulum onlara, qol — qola gedim.
Ay Vahid, may ayı şahıdır yazın,
Susma, qoy sənin də gəlsin avazın…
Vətən, xoşbəxt olsun oğulun, qızın,
Hər gün toya gedim, qavala gedim!
17.05.2019
Göy göl
Gözümün önündən getmir camalın,
Dörd yanın alınmaz qaladı, Göy göl.
Göyləri əks edən bənizin solub,
De, səni kim belə taladı, Göy göl?
Dağların o üzün tutub duman, çən,
Yağı pəncəsində çırpınır Vətən.
Əlim Göyçə gölə çatmayır nədən?
Kim bizi həsrətə caladı, Göy göl?
Üzür sularında tənha qu quşu,
Yandırır sinəmi qəmli baxışı…
Nə zaman yağacaq bahar yağışı?
Qış bizi deyəsən doladı, Göy göl.
Baharda vermişdim sənə könülü,
Ömrün qış çağıdı, ay dağlar gülü.
Əssə də Vahidin ayağı, əli,
Hüsnünə aşiq bir baladı, Göy göl!
25.03.2019
Göy göl — Bakı
Çəmənlİnİn şəhİdİ Zİyəddİn Savalan oğlu İsgəndərov
Бесплатный фрагмент закончился.
Купите книгу, чтобы продолжить чтение.